Hələ qədim dövrlərdə, mağara insanları ilk icadlarından biri olan rəssamlıq bacarığını kəşf etdi. Sonra gördüklərini mağara divarlarında və daşlarında təsvir edərək, digər bacarıqları olan hekayəçilik ilə birləşdirdilər. Onlar insanları alov ətrafında bir araya gətirərək hekayələr danışırdılar. Hekayələr dildən dilə əzbərlənib yeni əlavələr olunaraq yadda saxlanılırdı. Hekayələr rəsmlər tələb edirdi. Qədim insanlar istəyirdilər ki, çəkdikləri xətli rəsmlər hərəkətə gəlsin. Qobusdan qayalıqlarında təsvir edilən rəsmlər kimi qədim insanların tarix boyu çəkdiyi rəsmlər qorunub saxlanıldı. Adamlar, heyvanlar, qayıqlar və başqa çəkilən rəsmlər mədəniyyət yaratdı.
Zaman keçdikcə insanlar hərəkətli rəsmlərin yaranması üçün cəhdlər etdilər. Yeni cihazlar kəşf edilir və inkişaf edirdi. Min illər əvvəl yaşamış qədim insanların arzuları artıq həyata keçirdi. Çünki onların arzuları o idi ki, çəkdiyi rəsmlər hərəkətə gəlsin. Min illər sonra insanlar bu hərəkətli rəsmlərin davamlı olaraq hərəkət etməsinə bir ad verməli oldular. Beləliklə bu gözlənilən kəşfə Animasiya adı verdilər.
Animasiya (fransızca Animation – canlanma və ya canlandırma) sözündəndəki “Anima” termininin kökünün iki ayrı mənası var. Bizim eranın II əsrində yaşamış qədim roma yazıçısı və şairi, filosof Apuley (latınca adı Apuleius) latın dilində yazdığı “” (“Qızıl eşşək”) məşhur romanında Anima və Eros (yunanca Ἔρως) haqqında qəhramanlardan bəhs etmişdir. Bu qəhramanlar və hekayələri yüz illər boyu dillərdə əzbər olub, ədəbiyyat və incəsənət sahəsində böyük yer tutmuşdur. Bu əsərdəki Anima (yunan əsatirlərində Psixeya və ya Psixe (yun. Ψυχή, ing. Psyche, rus. Психея – “can”, “ruh”, “nəfəs”)) – qədim yunan və roma mifologiyasında canın (ruhun), nəfəsin təcəssümü; kəpənək qanadlı qız şəklində təsvir olunub.
Əslində isə Apuley müəlliflik hüququ pozulmasın deyə öz dövrünün tələblərinə uyğun olaraq yunan mifologiyasındakı qəhramanların adlarını dəyişdirir. Eros əvəzinə Kupidon (lat. Cupido), Afrodita əvəzinə Venera və Psixeya əvəzinə Anima adından istifadə edib. Apuleyə görə anima sözünün tərcümə mənası sadəcə “can” və “ruh” deyil, həm də “həyat nəfəsi”, “animasiya edən, canlandıran” kimi ifadə edilib. Apuleyin yazdıqlarının hərfi tərcüməsi tamamilə alleqorik xarakter daşıyır: “Eşq Ruha dedi: mənə baxmağa cəsarət etməyəsən, ha”, “Ruh Eşqdən qaçdı” və s. “Anima” termininin başqa bir mənası da var. İsveçrəli psixiatr və pedaqoq Yunq (Carl Gustav Jung, 1875 – 1961) anima terminini qadın cinsi ilə əlaqəli arxetiplərə istinad etmək üçün psixologiyaya daxil edib. Yunq hesab edirdi ki, anima kişi psixikasının qadın hissəsi, bütün qadın psixoloji meyllərinin təcəssümüdür. Bir sözlə, anima kişilər üçün qadın şəxsləndirməsidir. Animasiya sözü Fransızca hərəkət edən obyekt və ya canlandırma deməkdir. Bunun barədə daha ətraflı məlumatı buradan oxuya bilərsiniz.
İlk animasiya filmi təbaşirlə çəkilmişdi və stop-motion texnikasın ilə hazırlanmışdı. Bu animasiya filmi Ceyms Stüart Blekton tərəfindən çəkilən “Məzəli üzlərin yumoristik mərhələləri” (1906) adlı filmidir. Animasiya filminin orjinal adı: “Humorous Phases of Funny Faces”.
Həmin texnika ilə fransız karikaturaçı-rəssam və rejissor Emil Kol tərəfndən “Fantasmagorie“ (1908) adlı animasiya filmi hazırlanmışdı.
Animasiya filmlərindən ilk nümunələrindən biri də Earl Hurd tərəfindən 1914-cü ildə hüceyrə (cell)/sellüloza animasiya texnikasından istifadə edilərək çəkilmiş “Bobby Bumps“ seriya (1914-1925) animasiyasıdır. Bu üsulda kadrlar bir-bir çəkilir. Sonra ara kadrlar çəkilərək animasiya tamamlanır.
Elə bundan sonra bildiyimiz animasiya texnikası inkişaf edir və bütün dünya ölkələrində animasiya filmləri çəkilməyə, yeni texnikalardan təcrübə etməyə başlanmışdır. Animasiya filmləri xüsusilə uşaqların tərbiyəsində, onlarda təfəkkürün, romantik hisslərin inkişaf etməsində mühüm rol oynayır.
Bir müddət keçdikdən sonra animasiya filmləri təkcə kinozallarda deyil həmdə televiziyalarda göstərilməyə başlandı. Daha sonra 1923-cü il oktyabrın 16-sında Uolt Disney və onun qardaşı Roy Disney tərəfindən “Disney Brother Cartoon Studio” (Disney qardaşlarının animasiya filmi studiyası) şirkəti yaradılıb. Bu şirkət sonralar “Uolt Disney Studiyası” adı altında dünyada məşhur animasiya filmləri hazırlayır, inkişaf edir və özü kimi digər animasiya film studiyalarına sözün əsl mənasında bir məktəb olur. Disney artıq 100 ildir ki, bizimlədir. Bunun haqqında sizə bəhs etmişəm. Buradan oxuya bilərsiniz.
Bəs Azərbaycan animasiya filminin neçə yaşı var?
Bu sualların cavablarını biz Azərbaycan Animasiyası (2018) kitabındakı məlumatlardan öyrənə bilərik. Kitabdakı məlumatlara əsasən bu sualın cavabı müxtəlifdir. “Bakıda və Moskvada çap olunmuş kinoya aid albom və kitablarda 1969-cu il tarixi göstərilir: «Кино: Энциклопедический словарь» (Москва. 1987), «Волшебники экрана» (Москва. 1974) kitablarında bu tarix 70-ci illərin əvvəllərinə gedib çıxır. “Azərbaycan Sovet Ensiklopediyası”nın VII cildində (Bakı. 1983) öz müəllifərimizin yazdığı icmalda oxuyuruq: “Azərbaycanda ilk multiplikasiya (animasiya – A.K.) filmi 1936-cı ildə çəkilmişdir. Azərbaycan SSRİ-də müntəzəm multiplikasiya kinosunun istehsalına 1968-ci ildən başlamışdır…” Beləliklə, bütün mənbələrdə Azərbaycanda animasiya filmlərinin yaranma tarixi 1936−1970-ci illər arasında, yəni 34 il fərqlə göstərilib.”
Bəs ilk Azərbaycan animasiya filmləri hansılar idi?
Əvvəlcə başlayaq animasiya ilə animasiya filmlərinin fərqli şeylər olduğunu başa düşməyə. Bir sənədli, bədii, televiziya, reklam filmlərində animasiyadan istifadə oluna bilər, amma biz bunların heç birini animasiya filmi deyə bilmərik. Aşağıdakılar, sənədli filmlərdə istifadə edilən ilk Azərbaycan animasiyalarıdır.
1931-ci ildə çəkilmiş “Uçuş” adlı sənədli filmdə xəritə üzərində Bakı şəhərindən Moskva şəhərinə və digər şəhərlərə uçan təyyarənin hərəkət trayektoriyasını təsvir edən texniki animasiyadan istifadə edilmişdir. Təbiiki həmin dövrdə bu çəkiliş eksperiment xarakteri daşıyırdı. 1933-cü ildə də bir neçə sənədli filmdə texniki animasiyadan daha geniş şəkildə istifadə olunmuşdur. 1933-cü ildə “Azərfilm” tərəfindən çəkilmiş təlimat xarakterli “Cat” adlı sənədli filmdə də, rəssam Basov tərəfindən animasiyadan istifadə edilmişdir. “Cat” adlı sənədli film haqqında mənbələrdə 3 hissəli, 868 metr olduğu və Protokol №5655 əsasən 1938-ci ilin yanvar ayının 1-inə kimi nümayişə icazə verildiyini göstərir.
1933-cü ildə “Lökbatan” və “Neft simfoniyası” adlı sənədli filmlər çəkilir. Burada da yenə öz dövrünün imkanlarına əsasən texniki animasiyadan istifadə edilmişdir.
Bütün bu animasiyalar Avropa ölkələrindən və Moskva şəhərindən gələn (ya da elə Moskva şəhərinin özündə) animatorlar tərəfindən hazırlanırdı. Bizim rəssam və animatorlarımız isə onlardan bu işi öyrənmə mərhələsində idi. Ara-sıra onlarda öyrənərək öz bacarıqlarını qoyurdular animasiya işlərində.
Ümumiyyətlə, yuxarıda qeyd etdiyim kimi ilk animasiya filmləri XIX əsrin sonunda yaradılmışdır. Sonra Avropada və Rusiyada XX əsrin əvvəlində yaradılmışdır. Həmin dövrlərdə Azərbaycan, SSRİ-nin daxilində bir ölkə olduğundan animasiya filmləri Moskvanın köməyi ilə hazırlanırdı.
1935-ci ildə kinostudiyada animasiya filmləri sexi yaradıldı və bundan sonra ilk dəfə olaraq Azərbaycan öz bədii animasiya filmlərini çəkə biləcəkdi.
Animasiya filmləri animasiya texnikası ilə yaradılmış bütövlükdə mövzu və janr olaraq bədii olan filmlərə deyilir. Aşağıdakılar, ilk Azərbaycan animasiya filmləridir.
1935-ci ildə “Azərfilm” tərəfindən “Abbasın bədbəxtliyi” adlı ilk Azərbaycan bədii animasiya filmi çəkildi. Bu qısametrajlı bədii animasiya filmi, Azərbaycan xalq nağıllarının motivlərinə əsaslanaraq komediya janrında çəkilmişdi. Animasiya filmində fəhlə-neftçilərin məişətindən söhbət açılmışdı. “Abbasın bədbəxtliyi” animasiya filmi təkcə Azərbaycanda deyil, həm müsalman dünyasında hazırlanmış ilk animasiya filmi, həmdə SSRİ-də animasiya filmi istehsal edən ikinci ölkə hesab edilir. “Abbasın bədbəxtliyi” animasiya filminin yaradıcı heyəti həm rus həm də azərbaycanlıdır.
Azərbaycanın tanınmış animasiya filmləri rejissoru, ssenari müəllifi, kino rəssamı, rəssam assistenti, fazaçı rəssam, fon rəssamı, Azərbaycanın əməkdar mədəniyyət işçisi Elçin Hami Axundov deyir ki: ““Abbasın bədbəxtliyi” adlı ilk animasiya filminin çəkilişlərində əsas animatorlar iki alman mütəxəssisi idi. Həmin almanlardan başqa, o filmdə Qəzənfər Xalıqov, Müslüm Maqomayevin atası Məhəmməd Maqomayev, Ənvər Mirzəyev, Cabir Zeynalov da işləmişdi. Sonra həmin iki alman mütəxəssis repressiyaya məruz qalıb sürgün edildi. Almanlar gedəndən sonra Azərbaycanda animasiya çəkilişləri dayandı. Həmin film də itib-batdı.”
1941-cı ildə “Azərbaycanfilm” studiyası tərəfindən “Dəniz səyyahı Sindibadın macəraları” adlı animasiya filmi çəkilməyə başlanılır. Qısametrajlı animasiya filminin janrı macəra və fantastika, texniki cəhətdən 1 hissəli, 35 mm, səsli animasiya filmi olaraq planlaşdırılsada “İkinci dünya mühəribəsi”nə görə yarımçıq qaldı.
1930-cu illərin sonundan, 1960-cı illərin sonuna kimi Azərbaycanda heç bir animasiya filmi çəkilmədi. Bunun əsas səbəblərindən biri təşkilatçılığın olmaması idi. Digər səbəblərdən biri animasiya filmi sahəsinə xalqımızın qeyri-ciddi baxması, yetərincə ciddi büdcə ayrılmaması, bir sözlə animasiya filmlərinə münasibətin ciddi olmaması idi.
1950-ci illərdə Azərbaycan bədii filmlərində animasiyalardan istifadə edilməyə başlandı. Məsələn, 1958 ilində “Azərbaycanfilm” istehsalı olan “Kazbek qutusu” adlı bədii qısametrajlı komediya filmində animasiyadan istifadə edilmişdir. Yenə 1959-cu ildə “Azərbaycanfilm” istehsalı olan “Bir qalanın sirri” adlı tammetrajlı filmdə də qurama animasiyasından istifadə edilmişdir. Amma bu animasiyaları hazırlayan animator rəssamları Azərbaycanlı deyil, Rusiyanın “Soyuzmultfilm” kinostudiyasının animatorları idi.
1965-ci ildə Azərbaycan televiziyasının “Ekran” studiyasında (sonralar “Azərbaycantelefilm” Yaradıcılıq Birliyi – A.K.) Azərbaycan televiziya tarixində ilk dəfə olaraq rejissor Rasim İsmayılov öz ssenarisi əsasında “Danışan işıqlar”, 1969-cu ildə isə “Qırmızılar, qaralar və başqaları” televiziya animasiya filmlərini çəkdi. Hər iki filmin operatoru Vaqif Behbudov idi. Bundan sonra V.Behbudov onlarla televiziya bədii animasiya filmi, o cümlədən “İlham”, “Göyçək Fatma”, “Sağ ol, dostum”, “Başlanğıc”, “Qız qalası”, “Xeyirxah nağıl”, “Sehrli çıraq” və s. filmlər yaratmış, bu filmlər müxtəlif ümumitifaq və zona kinofestivallarında mükafat və diplomlara layiq yer tutmuşdur. Rejissor və operator Vaqif Behbudov isə Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür.
1965-ci ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası yeni binaya köçdükdən üç il sonra animasiya film sexi yenilənərək bərpa olundu. Həmin vaxtlarda kinostudiyaya Adil İskəndərov rəhbərlik edirdi. Adil İskəndərov SSRİ xalq artisti, rejissor və aktyor idi. Animasiya film sexinin istifadəyə verilməsində və animasiya filmlərin istehsalında Direktor özü xüsusi diqqət yetirirdi.
“Soyuzmultfilm” kinostudiyasının animasiya filmləri üzrə xüsusi kursunu başa çatdıran rəssam Ağanağı Axundov Moskvadan Bakıya qayıdır. O, vətənimizdəki bu boşluğu görür və uğurla başa vurduğu kursu Bakıda təşkil etməyə başlayır. Ağanağı Axundov özünün təşkil etdiyi kursda gənc kadrlar yetişdirməyə başlayır. 1969-cu ildə o öz arzusuna çatır. Beləki, həmin ilin fevral ayının 28-də ilk “Cırtdan” adlı qısametrajlı animasiya filmi istehsal edilir. Filmin rejissoru Yalçın Əfəndiyev və Ağanağı Axundov, quruluşçu rəssamı Elçin Aslanov, operatoru Aleksandr Milov, animator-rəssamları Bəhmən Əliyev, Lev Jdanov, Nazim Məmmədov, səs operatoru Ələkbər Həsənzadə idi. Filmə musiqini bəstəkar Oqtay Zülfüqarov yazmışdır.
1969-cu ildə çəkilən “Cırtdan” animasiya filmi, fantaziya və macəra janrında idi. Bu animasiya filmi eyni adlı Azərbaycan xalq nağılı olan “Cırtdan” nağılının motivləri əsasında hazırlanmışdır. C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının animasiya film sexinin bərpasından sonra hazırlanmış ilk animasiya filmi olan “Cırtdan”, Azərbaycan xalçaçılıq sənətinidə özündə birləşdirirdi.
Beləliklə Azərbaycan animasiya filmləri öz dövrünün “qızıl dövrü”nü yaşayırdı.
1970-ci ildə həmin kinostudiya “Ayı və siçan”, “Aslan və iki öküz”, “Fitnə” adlı animasiya filmləri çəkildi.
1972-ci ildə “Çaqqal oğlu çaqqal” adlı yeganə genişekranlı Azərbaycan animasiya filmi çəkildi.
Azərbaycanda animasiya filmləri öz qaydasında irəliləyən vaxtda istər kinostudiyada, istərsə də “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində uşaqlar və böyüklər üçün onlarla animasiya filmləri, o cümlədən “Tülkü həccə gedir” (1971), “Cırtdanın yeni sərgüzəştləri” (1973) “Pıspısaxanım və Siçan bəy” (1974), “Cücələrim” (1975 ), “Şah və xidmətçi” (1976), “Dınqıl, sazım, dınqıl” (1976), “Arzunu yarat” (1977), “Daş” (1977), “Xoruz” (1977), “Toplan və kölgəsi” (1977), “Qız qalası” əfsanəsi” (1978), “Toral və Zəri” (1979), “Bulud niyə ağlayır?” (1979), “Xeyir və Şər” (1980), “Meşəyə insan gəlir” (1980), “Cırtdan – “pəhləvan” (1981 və 1982), “Başlanğıc” (1981), “Akvarium” (1983), “Humayın yuxusu” (1985) və s. çəkilmiş, bu animasiya filmləri nəinki respublikamızda, həm də bir sıra xarici ölkə festivallarında uğur qazanırdı.
Azərbaycan animasiya kitabında yazılır: “1988-ci ildən “Azərbaycanfilm” kinostudiyasının animasiya film sexi “Animasiya, reklam və diafilm birliyi” kimi fəaliyyət göstərmişdir. 1990-cı ildə həmin birliyin bazasında “Azanfilm” İcarə Bədii Yaradıcılıq Birliyi yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il tarixli qərarı ilə bu birlik əsasında “Azanfilm” Müstəqil Yaradıcılıq İstehsalat Birliyi təşkil olunmuşdur (“Azanfilm” – Azərbaycan animasiya filmi deməkdir. A.K.). Bu vacib və əhəmiyyətli iş milli kinomuzun düşdüyü böhranlı və çətin dövrdə belə, “Azanfilm” və Azərbaycan Rəssamlar İtifaqı nəzdindəki “Birlik” studiyalarında davam etdirilmişdir. 2002-ci ildən başlayaraq “Azanfilm” studiyasında filmlər kompüter qrafkasında, 2003-cü ildən isə həm də 3D formatında yaradılır. Bəzi filmlər isə həm kompüter qrafkasında, həm də 3D formatında qarışıq şəkildə çəkilmişdir.”
2000-ci illərdə “Cavanşir” (2002), “Kitabi Dədə Qorqud. Basat və Təpəgöz” (2003), “Qarğa balası və özgə yuvası” (2005), “Mərhəmətin dadı” (2007), “Siçan və pişik” (2008), “Cəsur təyyarə” (2009), “Tırtılın arzusu” (2010), “İt sərgisi” (2010), “İlbizin evi” (2011), “Cırtdan və Təpəgöz” (2012) və s. animasiya filmləri çəkilmişdir.
2012-ci ildən etibarən günümüzə qədər animasiya film studiyalarımız ilə bir-iki 2D və 3D animasiya filmləri hazırlayır. Azərbaycan animasiyası irəliləyirdi, amma yavaş yavaş. Buna “Azanfilm” animasiya studiyasının çəkdiyi animasiya filmlərini nümunə kimi göstərmək olar. Məsələn; “Ən güclü kimdir?” (2014), “Köhnə saat” (2014), “Gəlin birgə öyrənək” seriyası (2014-2015), “Əlifba” seriyası (2016), “Mənim balaca Şahzadəm” (2019), “Tıq-tıq xanım möcüzələr axtarışında” seriyası (2020-2021), “Oğurlanmış bahar” (2023) və s..
2018-ci il oktyabrın 19-21 tarixlərində Azərbaycanda ilk dəfə beynəlxalq animasiya film festivalı olan “ANİMAFİLM” adlı festival baş tutdu. Festival bundan sonra hər il davamlı olaraq keçirilməyə başlandı. Bu festival peşəkar və yeni animasiya filmi yaradıcılarının əsərlərini nümayiş etdirir.
2021-ci ilin 15 dekabrında bir qrup animasiya peşəkarları tərəfindən Azərbaycan Animasiya Assosiasiyası adlı qeyri-hökumət təşkilatı yaradıldı. Birlik rəsmi olaraq 19 aprel 2022-ci ildə qeydiyyata alınsa da, fəaliyyətə 2016-ci ildən başlayıb. Birlik üzvləri ilə birləşərək Azərbaycan animasiya film sahəsinin inkişafı üçün festivallar, sərgilər, seminarlar, tədbirlər, layihələr və s. həyata keçirir. Nəticədə yavaş-yavaş irəliləyən sahə getdikcə sürətlənməyə başlayır. Yeni və özəl film studiyaları yaranmağa başlayır.
Sizinlə birlikdə keçmişdən bu günə qədər animasiya filmləri tarixinə səyahət etdik və bu səyahətdə mən sizə bələdçi oldum. Ümid edirəm ki, səyahətimiz xoşunuza gəldi!
Müəllif: Ruslan İbrahimli
Mənbələr:
«Кино: Энциклопедический словарь» (Москва. 1987)
«Волшебники экрана» (Москва. 1974)
“Azərbaycan Sovet Ensiklopediyası”nın VII cildi (Bakı. 1983)
Levent Duranlı “Animasyona giriş, animasyonun kısa tarihcesi”, 2014, LAU TV
Şenler F., Animasyon Tarihi Teknikleri ve Türkiyedeki Yansımaları, Türkiyat Araştırmaları Dergisi
Maureen F., Animasyonun Kutsal Kitabı, Karakalem Yayınları, İzmir, 2013
White T., Animation From Pencils to Pixels, Oxford 2010
Bloq: Eros və Anima 2022, Anima.az
Apuleius, Amor und Psyche“, Philipp Reclam“ nəşriyyatı, Leipzig, 1981
Azərbaycan Animasiyası kitabı, “PERİ FİLM” MMC, 2018