2-6 oktyabr tarixlərində Bakıda, “Azərbaycan” kinoteatrında keçirilən 7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı uğurla öz işinə yekun vurub.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi və “YARADICI”-nın (Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzi) təşkilati dəstəyi, Ağıllı Nağıllar” reklam agentliyinin sponsorluğu, Azərbaycan Animasiya Assosiasiyasının və “PERİ FİLM” MMC-nin təşkilatçılığı ilə keçirilən festival Baku Cinema Breeze (BCB) Festivalı çərçivəsində reallaşıb.

Əsas mövzusu “SEVGİ” olan Beynəlxalq Festivalda 1000-dən çox tamaşaçı 26 ölkədən 100-dən çox filmi izləyib. Festival 3 əsas proqramdan – Müsabiqə, Müsabiqədənkənar və Peşəkarlar üçün proqramlardan ibarət idi. Festivalın proqramı nəfis şəkildə tərtib olinmuş kataloqda öz əksini tapıb.

Seçim komissiyasının qərarı ilə müsabiqə proqramına 18 ölkədən 48 film seçilib. Onlardan 12 film yerli, 36 film isə beynəlxalq kateqoriyalarda yarışıb. Filmlər həm beynəlxalq münsiflər heyəti, həm də tamaşaçılar tərəfindən qiymətləndirilib və qaliblər 7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının təntənəli bağlanış mərasimində zərifliyi ilə seçilən “SEVGİ” mükafatı ilə təltif olunublar.

Bağlanış mərasimi zamanı həmçinin 7-ci ANİMAFİLM Festivalının, “Narqız” animasiya filminin treylerləri, Ayan Novruz və Dante Rustav tərəfindən keçirilən animasiya vörkşopları nəticəsində çəkilmiş iki tələbə animasiya filmi nümayiş olunub.

Festivalın qalibləri:

  • “Ən yaxşı qısametrajlı animasiya filmi – GRAND PRIX” nominasiyasında: “Pear Garden” (Armud bağı). Rejissoru Shadab Shayegan. Almaniya
  • “Ən yaxşı qısametrajlı animasiya filmi – GRAND PRIX” nominasiyasında Xüsusi mükafat: “The Family Portrait” (Ailə portreti). Rejissor Lea Vidakovic. Xorvatiya
  • “Ən yaxşı qısametrajlı uşaq animasiya filmi” nominasiyasında: “The Night Tunnel” (Gecə tuneli). Rejissor Annechien Strouven. Belçika
  • “Ən yaxşı qısametrajlı uşaq animasiya filmi” nominasiyasında Xüsusi mükafat: “Baking With Boris” (Boris ilə çörək bişirmək). Rejissor Maša Avramović. Fransa
  • “Tamaşaçı rəğbəti” mükafatı: “İnanna. Rejissor Rüstəm Bəşirov. Azərbaycan
  • “Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi (Annecy-yə səyahət Mükafatı)” nominasiyası üzrə: “Çox düşünərkən”. Rejissor Zəhraxanım Quluzadə. Azərbaycan
  • “Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi” nominasiyasında xüsusi mükafat: “Chasing Time” (“Zamanın arxasınca”). Rejissorlar Ayla QasımovaSi Yi Lee. Azərbaycan, ABŞ
  • Azərbaycan Animasiya Assosiasiyasının Xüsusi mükafatı: (“Ən yaxşı qısametrajlı animasiya filmi”): “Wild Animal” (Vəhşi heyvan). Rejissor Tianyun Lyu. Çin
  • Azərbaycan Animasiya Assosiasiyasının Xüsusi mükafatı: (“Ən yaxşı qısametrajlı uşaq animasiya filmi”): “Puddle” (Gölməçə). Rejissorlar Maria-May Backhaus Brown, Mads Theodor Bonde. Danimarka

Müsabiqədənkənar proqramda tamaşaçılar “Dünya ölkələrindən sevgilərlə” proqramı çərçivəsində Çexiya, Portuqaliya, Yunanıstan, Gürcüstan kimi ölkələrin animasiya əsərlərini, həmçinin Türk Animasiya Assosiasiyası (ATA) ilə əməkdaşlıq çərçivəsində təqdim olunmuş “ATA: Türk dünyasından seçilmiş animasiya filmləri” kolleksiyasını izləyiblər. Tamaşaçılara Azərbaycanda ilk dəfə məşhur Avropa müəlliflərinin əsərləri əsasında çəkilmiş animasiya qorxu antologiyası silsiləsindən olan “Qırmızı dəmir yolu” serialı təqdim olunub. Bundan əlavə, müasir klassikaya çevrilən “Şrek”, “Misilsiz cənab Foks”, “Paprika”, “İtlərə və italyanlara giriş qadağandır”, “Linda toyuq istəyir!” tammetrajlı filmləri nümayiş olunub. Tamaşaçıların böyük sevgisi ilə keçən hər nümayiş, onlarla canlı ünsiyyət quran, suallarını məmnuniyyətlə cavablandıraraq yeni izləyicisi ilə tanış olan müəllifləri yeni yaradıcılıq axtarışlarına kökləyib.

Peşəkarlar üçün proqram zamanı məşhur özbək rejissoru Dante Rustavın, “Lakeside Animation” kreativ direktoru, “Netflix”, “Apple TV”-nin kanadalı animatoru Matthew Lyonun, rəngarəng üslubu ilə seçilən peşəkar illüstrasiyaçı Leyla Əlinin, İngiltərədə yaşayan “Stop motion” rejissoru Ayan Novruzun ustad dərsləri müxtəlif yaş qruplarından olan izləyicilərin qəlbində animasiya sənətinə sevgi qığılcımını alovlandırıb. Ustad dərslərinin yekunlarında təqdim olunan animasiyaların rəngarəngliyi Ustad-şagird tandeminin uğurunun və iştirakçıların sənətə marağının təcəssümüdür. Proqram çərçivəsində tamaşaçılara yerli animasiya film layihələri təqdim olunub, beynəlxalq münsiflər heyəti, eləcə də xüsusi qonaqlarla görüşlər, vörkşoplar təşkil edilib. “ANİMAFİLM School: Birgə istehsal” və “ANİMAFİLM School: Making of” tədbirlərində baş tutan məhsuldar və işgüzar görüşlər peşəkarların gələcək fəaliyyətlərinə böyük töhfələr verəcəyinə əminlik hissi yaradıb.

Qeyd edək ki, 7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı bu il Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin təşkilatçılığı ilə 2-8 oktyabr tarixlərində ölkəmizdə ilk dəfə keçirilən “Baku Cinema Breeze” (BCB) Beynəlxalq Film Festivalı çərçivəsində baş tutub. BCB Festivalı həmçinin kino sənayesindəki imkanlarını nümayiş etdirən, Heydər Əliyev Mərkəzində keçirilən Omarket (Şərq ölkələrinin kino bazarı) təşkil edib və Azərbaycan Animasiya Assosiasiyası burda öz stendi vasitəsilə üzvlərinin audiovizual məhsullarını nümayiş etdirib.

7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının tərəfdaşları: Çexiya Respublikasının Azərbaycandakı səfirliyi, Fransanın Azərbaycandakı səfirliyi, Azərbaycandakı Fransız İnstitutu, Annecy Beynəlxalq Animasiya Film Festivalı, “CITIA”, “Fétiche”, “Dynamic Box”, “KYNO”, “The Manat”, “Tripsome”, proqram tərəfdaşları: TURKSOY, Türk Animasiya Assosiasiyası (ATA), MIFASI, Animation Development Fund (ADF), ANIMAFILM Studio, FilmFreeway, “Azərbaycanfilm” kinostudiyası, Azərbaycan Dövlət Film Fondu, Lakeside Animation Studio, Sakura Ceramic, Maurfilm, Filmes do Gajo, CINANIMA International Animated Film Festival of Espinho, Sardinha Em Lata, Ciclope, Portuguese Short Film Agency, BAP Animation Studio, Cola Animation, ANIMASYROS International Animation Festival, YUVA, media tərəfdaşları isə “Skwigly”, “KYNO”, “CityLife”, “Huzoor” platformaları idi.

Böyük sevgi, diqqət və qayğı ilə ərsəyə gələn, yeni ümidlər, planlar və baxışlarla tarixə qovuşan 7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı sevgini ön plana çıxararaq izləyicilər arasında empatiya, anlayış və birlik hissini gücləndirmək hədəfinə nəinki nail olub, hətta qəlblərdə yanan həyatın bütün sahələrinə təsir göstərən sevgi çırağını alovlandırıb.

Festivalı sosial şəbəkələrdə izlə:

6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı

Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyilə 2023-cü il sentyabrın 6-dan 10-dək Nizami Kino Mərkəzində 6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirilib. Festivalda beş gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş 64 müxtəlif animasiya filmi nümayiş etdirildi. Festivalın builki mövzusu “Qadın haqları” idi. Bilet satışlarından əldə olunan gəlir Azərbaycanın gənc qadın rejissorlarına ianə edilib.

5-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı

2022-ci il 7-11 sentyabr tarixlərində Nizami Kino Mərkəzində 5-ci ANİMAFİLM festivalı keçirilib. Festivalda uşaqlar və böyüklər üçün çəkilmiş 121 müxtəlif animasiya filmləri nümayiş etdirildi. Festivalın mövzusu “İqlim dəyişikliyi”, devizi isə “Bir bilet = bir ağac” idi. Bilet satışlarından əldə olunan bütün vəsait (4119 AZN) Qarabağ Dirçəliş Fonduna ianə edildi. 2023-cü ilin aprel ayında Zəngilan rayonunda festival adından 412 ağac əkildi.

4-cü ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı

3-7 sentyabr 2021-ci il tarixində Bakıda canlı formatda 4-cü ANİMAFİLM festivalı keçirilib. Festivalda 40 ölkədən 200-ə yaxın uşaqlar və böyüklər üçün çəkilmiş müxtəlif animasiya filmləri nümayiş etdirildi. Festivalın mövzusu “Əlillik” idi. Məsud Pənahinin ustad dərsi, Olivier Catherinin kino və animasiya prodüserləri üçün master-klası və Nik Phelps və Nancy Denney-Phelps-in aparıcılığı ilə bəstəkar və səs rejissorları üçün seminar baş tutdu. Ənənəvi olaraq uşaq münsiflər heyəti fəaliyyətdə idi.

23-25 noyabr tarixlərində isə 4-cü ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının Şəkidə əks-sədası tədbiri keçirildi. “ANİMAFİLM Şəkidə” tədbirində üç gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş ən maraqlı yerli və xarici animasiya filmləri təqdim edildi.

3-cü ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı

14-18 oktyabr 2020-ci il tarixində Bakıda 3-cü ANİMAFİLM festivalı keçirildi. Festivalın mövzusu “Azərbaycan uşaqları” idi. 3-cü ANİMAFİLM-in əsas məqsədi müharibə dövründə uşaqlara və gənclərə dəstək olmaq və maarifləndirmək olub. Festivalda 31 uşaqdan ibarət uşaq münsiflər heyəti formalaşdırıldı. Festival çərçivəsində 3 teatr vörkşopu, iki günlük kukla animasiyası üzrə master-klasları və animasiya filmlərinin offlayn və onlayn nümayişləri oldu.  

2-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı

14-18 oktyabr 2019-cu il tarixində 2-ci ANİMAFİLM festivalı təşkil olundu. Festivalın mövzusu “Çexiya animasiyası” idi. Bu mövzu çərçivəsində uşaqlar və böyüklər üçün ən yaxşı çexiya multfilmləri nümayiş etdirildi. Festival gedişində Azərbaycan animasiyasının 50 illiyinə həsr olunmuş konfrans, yunan və fransız professionallarının aparıcılığı ilə animasiya vörkşopları keçirildi. “Ən yaxşı uşaq animasiya filmi” kateqoriyası üzrə nominasiyanı qiymətləndirmək üçün uşaq münsiflər heyəti formalaşdırıldı. Festivalın bağlanış mərasimində, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarına açıq məktub ünvanlandı. 300 nəfərin imzaladığı məktubda milli animasiyamızın problemləri əks olunmuşdu.

1-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı

19-21 oktyabr 2018-ci il tarixində 1-ci ANİMAFİLM festivalı baş tutdu. Festivalın mövzusu “Azərbaycan animasiyası” idi. Festival çərçivəsində milli animasiya tarixinə həsr olunmuş “ReAnimasiya” sərgisi, uşaqlar üçün kukla teatrı, fortepiano konserti, müəlliflərin iştirakı ilə ən yaxşı azərbaycan, gürcü və iran animasiya filmlərinin nümayişi, həmçinin, Rusiya, Çexiya, Almaniya və Gürcüstandan olan professionalların uşaqlar üçün master-klasları həyata keçirildi. Unudulmaz 3 gün ərzində uşaqlar və böyüklər 17 ölkəni təmsil edən 20-dən artıq filmdən ibarət zəngin müsabiqə proqramını izləmək imkanı qazandı. Festivalda 20 xarici və 500-ə yaxın yerli qonaq iştirak etdi.

23 mart 2019-ci il tarixində Çexiyanın Praqa şəhərində 1-ci ANİMAFİLM festivalının əks-sədası tədbiri təşkil olundu.